Son günlər əməkdar artist Şəbnəm Tapdığın adı ilə bağlı qoyduğu qadağalar müzakirə mövzusuna çevirilib.
Müğənninin sonuncu dəfə “Alın yazısı” verilişinin aparıcısı Şəbnəm Xeyrulladan qeyri-adi tələbi sosial şəbəkələrdə tənqidə və gülüşə səbəb olub.
Şəbnəm Tapdıq aparıcıya bir neçə dəfə zəng edərək ondan adını dəyişdirməyini istəyib.
Əməkdar artist aparıcıya bildirib ki, adını Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirib və bu o deməkdir ki, "Şəbnəm" adının bütün hüquqları ona aiddir: “Sizə təklif edirəm, adınızı dəyişəsiniz. Demirəm, tam dəyişin. Sizə variantlar da təklif edə bilərəm: Şəbnəmnur və ya Şəbnəmtac”.
Düzü, müğənni adını Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirdiyini iddia etsə də, bu məsələnin özü də naməlum olaraq qalır. Adı necə patentləşdirmək olar?
Müəllif Hüquqları Agentliyinin (MHA) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Natiq İsayev açıqlamasında bildirib ki, Şəbnəm Tapdıq əsəri ilə bağlı quruma müraciət edib: “Şəbnəm xanım adını qeydiyyatdan keçirməyib. O, əsərini “Şəbnəm” təxəllüsü ilə yazıb, məhz bu səbəbdən bizə müraciət edib. Ad qeyiyyatdan keçirilmir, əsər qeydiyyatdan keçirilir. Ola bilər ki, Şəbnəm Tapdıq mahiyyətini başa düşməyib. Yenə təkrar edirəm ki, Müəllif Hüquqlari Agentliyində onun “Şəbnəm" təxəllüsü ilə yazdığı əsəri qeydiyyatdan keçib”.
Bəs patent nə deməkdir?
Patent ixtira, faydalı model və sənaye nümunəsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən mühafizə sənədidir.
Məsələ ilə bağlı Şəbnəm Tapdıqla əlaqə saxladıq. Əməkdar artist isə “Əl çəkin, bu mövzu haqqında danışmaq istəmirəm”, - açıqlamasını verib.
Hüquqşünas Adəm Məmmədov da məsələyə münasibət bildirib. Məmmədov insan adlarının patentləşdirilməsinin qeyri-mümkün olduğunu söyləyib: “İnsan adlarının patentləşdirilməsi mümkün deyil. Ad niyə patentləşdirilir? O vaxt ad patentləşdirilir ki, həmin insanın ixtirası olur. Ad elə bir şeydir ki, onu kəşf edənin kimliyi bəlli deyil. Bu Azərbaycan və dünya praktikasında belə bir şeyin olacağına da inanmıram”.
AzərPeyk

Xəbər lenti