Bu gün Salyan şəhəri, Y.Zərgərli küçəsi 9 saylı evin həyətindən 1 il əvvəl qətlə yetirilərək basdırılmış 26 yaşlı Salyan şəhəri, Heydər Əliyev küçəsi, ev 46-da tənha yaşayan Qasımov Elçin Mirqələm oğlunun cəsədi çıxarılıb.

 

Qətli törətməkdə ev sahibi, 1968-ci ildə anadan olmuş Cavadov Rövşən Cavad oğlu şübhəli bilinir. Lakin o bir aya yaxındır ki, xarici ölkələrin birinə mühacirət edib.

Qətli törətdikdən sonra o, həyat yoldaşı, 46 yaşlı Nazənin Cavadova ilə birlikdə həyəti qazaraq meyiti orada basdırıb. Sonradan isə meyitin basdırıldığı yerin üstündə hamam tikilib. Ona görə də, hüquq-mühafizə orqanları cəsədi çıxarmaq üçün xeyli çalışmalı olublar.

Hazırda Nazənin Cavadova cinayəti bilib gizlətdiyinə görə saxlanılıb. O, ilkin ifadəsində həyat yoldaşı Rövşənin Elçin Qasımovu qısqanclıq zəmnində qətlə yetirdiyini deyib.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən Rövşən Cavadov 1991-1993-cü illərdə Salyan polisində serjant kimi qulluq edib.1993-cü ildə qanunsuz hərəkətlərinə görə işdən çıxarılıb. Sonralar narkotik maddələrin qanunsuz dövriyyəsinə görə məhbus həyatı yaşayıb.

Həyat yoldaşı, ali təhsilli hüquqşünas Nazənin Cavadova 2007-2010-cu illərdə Salyan Rayon İcra Hakimiyyətində hüquqşünas işləyib. Son 3 ildə isə Salyan rayonunda vəkillik fəaliyyəti ilə məşğul olurdu.

Qeyd edək ki, meyiti tapılmış Elçin Qasımov ötən il noyabr ayının 11-dən itkin düşüb. Yaxınlarının virtualaz.org saytına o zaman verdiyi məlumata görə, bir neçə il əvvəl Elçinin hər iki valideyni xəstəlikdən, yeganə qardaşı isə avtomobil qəzasında dünyalarını dəyişdiyindən o, tənha yaşayırmış. Bir müddət ondan soraq çıxmadığını görən yaxınları Elçinin evinə gedərək bir xəbər tutmaq istəyiblər.

Həyət qapısı bağlı olduğundan qohumları hasardan aşaraq evə keçiblər. Bu zaman mənzilin işıqları yanılı, elektrik sobası qoşulu olsa da Elçini evdə tapmayıblar. Onun mobil telefonuna isə zəng çatmırmış. Elə o vaxtdan da Elçin Qasımovun nə öldüsünsən, nə də qaldısından bir xəbər yox idi. Amma bu gün məlum olub ki, o həmin vaxt qətlə yetirilmiş, meyiti isə yaşadığı evin qonşuluğunda basdırılıbmış...(virtualorg.az)
AzərPeyk


Xəbər lenti