Qocalıqdan oğraşlıq yaxşıdı. Qurban əmim deyəndə gülməyim tutardı rəhmətliyə. İndi görürsən, öz maşınımı tanımıram.

Həştaddandı hamısı... Dizimin üstünə nə zəndlə baxırsan? Yox, əşi, qan nə gəzir? Xəbərim var, Eldar Baxış yazmışdı. Yazmışdı ki, siz durnaya güllə atırsız, qanı tökülür Habilin dizinin üstünə. Əli Kərim də şeir qoşub mənə, Bəxtiyar müəllim də... “Cüy-cüy, cüy-cüy”. Arvadın

 

başın xarab eləmişdim. Bütün günü axtarırdım. Kamançanı xilas eləmək lazımıydı. Kamançanın vəziyyəti ermənicəydi. Alət bizim ola-ola ermənilər tutub almışdılar əlimizdən. Məndən qabaq azərbaycanlı kaman ustası yoxuydu. Gecə-gündüz vuruşub qurtardım onu yağı işğalından. Kamança başladı azərbaycanca danışmağa. Bunun kökü uyğur türklərinə gedib çıxır. Farsa-zada heç bir dəxli yoxdu. Rəhmətlik Lətif Kərimov kamançanın kökün eşirdi bir vaxtlar. Aydın oldu ki, təmiz türk alətidi. Ona görə erməni kamançaçılar kökləyə bilmirdi kamançanı. Kök bizimdi axı. Mən neylədim? Neyləyəcəm, kamançanı kökündən çalmağa başladım, qol-budağından yox. Sonra neylədim — tarın əlindən aldım onu. Baxırdım, trio çalıb-oxuyur — xanəndə heç, onu qoyuram bir qırağa — tar nə deyir, kamança başıyla təsdiqləyir. Tar deyir, qatıq qaradı, kamança deyir elədi. Tar üzü yoxuşa qalxır, kamança düşür dalınca, enir dərəyə, kamança yumalana-yumalana onu təqib eləyir. Dedim tara, belə olmaz. Sən özünə görə bir kişisən, kamança özünə görə. Kamançanı götürüb tarın evindən çıxdım. Kamança tarın vassallığından azad oldu. Üstündən 35 il keçir... Belə baxanda adi alətdi — qozdan hazırlanır, cəmi dörd teli — simi var, bir də kəmanəsi. Çubuğu sürtürsən, kamanın paxırın açır, telinin altındakı alın yazısından sənə dürlü-dürlü hekayətlər danışır. Bir qəliz xasiyyəti var: yaman dəymə-düşərdi; evdə qoyub çıxıram, gəlib görürəm ağlayır, alıram dizimin üstünə, yenə kirimir. Məni də qoşur özünə... Yox, heç onu yerə çırparam? Uşaqlarım hamısı institut qurtarıb, ev-eşik yiyəsidilər. Söz düşəndə deyirəm, sizin ağsaqqalınız, dədəniz mən deyiləm, bax, bu kamançadı. Onun hesabına böyümüsüz. Düzdü ey, mən də ona az yaxşılıq eləməmişəm, itirməyib ha. Mən də onun əməyin itirə bilmərəm... 12 gün dalbadal solo konsert verdiyim vaxtlar olub. Filarmoniyanın müdiri Niyaziydi onda. İndi mənim dinləyicim yoxdu. Adamlar sintezator istəyir. Adamlar dərdlərini azdırmaq istəyir. Sintezatorda dərd azır, kamançada yox. Kamança dərdin vətənidi. O gün “Segah”da Xocalı faciəsini çaldım. Xocalıda itkin düşənləri, qəbirsiz-kəfənsiz, qibləsiz ölənləri yudum, kəfənlədim, el adətiylə yasların verdim, Quran səsiylə torpağa tapşırdım. Qoymadım şəhidlərimizi qurd-quş yeyə, düşmən təhqir eləyə. Mən eləmədim ey, kamança elədi. Kamança hələ çox şeylər eləyəcək — torpaqları alacaq, yazırsız ey, mənəvi ərazilər məsələsi, oraları genişləndirəcək, Vətəni uşaq kimi dizimizin üstünə çıxaracaq, neçə aydı istisini yeddi qatımızdan içəri ötürən Günəşin iti baxışlarını yumşaldacaq, göy təndirinin külfəsini gün həsrətli buzlaqlara sarı yönəldəcək, yarpaqları küləyə, dərdi çəkə bilənə, suyu cadara, adamı adama, Allahı özünə tapşırıb, kəmanəsin telinə taxıb təzədən rəvayətə dönəcək. Bəs mən? Bəs mən necə olacam? İşdi, o günü görməsəm, işdi, təzədən dünyaya gəlsəm, qədim Çində bir uyğur kişinin sonbeşiyi olacam, ya da... qoz ağacı. Qoy məndən kamança düzəltsinlər. Çalan lazım deyil, özüm kəmanə əlimi sinəmə — simə sürtüb sizə bu dünyadan, o dünyadan, o biri dünyadan nağıl danışaram, ruhun ölməzliyindən nəğmə oxuyaram... Üzeyir bəy yazırdı ki, oxuyan səsinə ən yaxın səs kamança səsidi. Düz yazıb. Bayaq dedim, mənim ustadım olmayıb. Yalan danışıram. Olub — Xan Şuşinski. O, boğazıyla neyləyibsə, mən də həmin şeyi kamançada eləməyə can atmışam. Gör neçə ildi. Di gəl, Xan əmiylə çomaq döyüşdürməkmi olar? Ustad ona deyərəm, kamançanı Xanın səsiylə danışdıra. İndi solo çalanlar azdı, nəysə qorxurlar elə bil. Məndən qorxurlar? Nəyimdən? Deyəcəklər, filankəs lap Habil kimi çalır? Belə çıxır ki, kamançanı indi də mənim işğalımdan xilas eləmək lazımdı... Xaricdə çox konsert vermişəm. İtaliyada Arif Babayev, Həbib Bayramov, bir də mən çalıb oxuduq. Zalın papağını başından saldıq. Konsertdən sonra biri soruşdu ki, bu mahnıların yaşı neçədi, müəllifi kimdi? Dedim, müəllifi xalqdı, yaşı bilinməz. Dedi, nə əcəb bunlar sizi bezdirmir, əsrlərlə eyni mahnıya necə qulaq asmaq olar? Dedim, İtaliyada hər cür bina var, hamısının adı tikilidi. Amma görün heç adamı yorur? Heyrətdən qımışdılar... Trioda tarla necə yola gedirəm? Çox asan. Nə qədər ki xanəndə oxuyur, tarla kamança susur, sonra tar dillənir, xanəndəylə kamança qulaq asır, nəhayət, mən danışıram, yoldaşlarım dişnək kəsilir. Əməkdaşlığımız paritet əsaslarla başlayır və sona yetir. Heç kim qabağındakının boşqabına əl uzatmır... Bir yol da filarmoniyada konsert verirdim. Əbülfət Əliyev söz aldı — çox duzlu adamıydı rəhmətlik — dedi, Habil çalanda pis oxuyan müğənninin boyun yerə soxum. Amma mənim boyun yerə soxduğum müğənni olmayıb tarixində. Çünki sənətkarları müşayiət eləmişəm, uşaq-muşağı yox. İndikilərdən gəl danışmayaq. Bir də görürsən, televizorda bir yaşlı arvaddan müsahibə alırlar. Müxbir soruşur ki, nətər oldu, musiqi yazdız? Deyir: belə beqəfil... Çoxdan kamançanı əlimə götürmürəm. Bilirsən, muğamat dəryadı, plyaj deyil ki, qurşağacan özünü isladıb qayıdıb cumasan qumun üstünə. Orda üzməyə qəvvas lazımdı. Muğamatın ləli dəryanın dibindədi. Onu çıxarmasan da, heç olmasa, gərək enib baxasan. Buna da nəfəs lazımdı. Mən çox vaxt dəryaya girəndə suyun altıyla üzürəm. Ona görə də tamaşaçı kamançanı görür, məni yox. Kamançanı başımın üstündə tuturam axı. Bəs necə! Sənət sənətkardan uca olmalıdı — çörək çörəkçidən irəli olan kimi. Çoxdan suya girmirəm deyin, istidən ciyərim yanır. Qaçıram Vahid bağına. Burda da çox bənd ala bilmirəm. Dönürəm evə. Dostlarım hərdən zarafat eləyir, deyirlər, nooldu yenə, evdə körpən qalıb? Deyirəm, hə...

2000-ci il

Xəbər lenti