Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Azərbaycanda pensiyaya görə orta yaş həddinin artırılması məsələsinə münasibət bildirib.

 

Deputat deyib ki, pensiyaya görə orta yaş həddinin artırılması hələlik müzakirə obyekti deyil:

“Doğrudur, bəzi ekspertlər, müəyyən xarici təşkilatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqələri var. Onlar zamanla bu məsələni qaldırılar. Amma mən hesab edirəm ki, indiki məqamda Azərbaycanda pensiyaya görə yaş həddinin artırılmasına ehtiyac yoxdur. Yaş necədirsə, o səviyyədə saxlanılmalıdır”.

Parlament üzvü hökumət tərəfindən belə bir müzakirə aparılmadığını qeyd edib:

“Ona görə də pensiya alanlar üçün orta yaş həddinin artırılacağını düşünmürəm”.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi hazırlanıb.

Layihəyə əsasən, bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı artırılır. Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ilinin 20 təqvim ilinə, hərbi qulluqçular üçün hazırda qüvvədə olan 20 təqvim ilinin 25 ilə, prokurorlar üçün 25 təqvim ilinin 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ilinin müvafiq olaraq 5 il qaldırılması layihədə əksini tapıb.
Layihədə, ümumilikdə, pensiya yaşının artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılması da əks olunub. Layihənin ilin sonuna kimi Milli Məclisdə müzakirəyə çıxarılması nəzərdə tutulub.
AzərPEYK


Xəbər lenti