“Qlobal iqtisadiyyatda baş verən sarsıntıların artdığı və onun müəyyən dərəcədə Azərbaycana təsiri şəraitində dövlətimiz  milli mənafenin qorunmasına xidmət edən siyasət aparır”.

 

AzərPEYK-in xəbərinə görə, bunu  Milli Məclis iclasında Azərbaycanın 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Deputat bildirib ki, xarici risklərin ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün sistemli,  iqtisadi tədbirlər görülür:

“Son illərdə ölkədə dövlət büdcəsinin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülür. Məhz bu işlərin görülməsi nəticəsində Azərbaycanın inkişafında büdcənin rolu artıb, irimiqyaslı , dünya əhəmiyyətli sosial-iqtisadi proqramlar həyata keçirilib. Azərbaycanın apardığı büdcə siyasəti beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır”.

Z.Səmədzadə əlavə edib ki, Vergilər Nazirliyi xətti ilə çox gərgin iş aparılıb və proqnoz göstəricilərinin ÜDM-in 11,7% qismində nəzər alınması təklif edilir.

“Eyni zamanda, büdcə gəlirlərinin 45%-nin Vergilər Nazirliyi xətti ilə daxilolmaların payına düşməsi nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan çoxdur. Neft-qaz sektorunun payına düşən gəlirlərin azaldılması istiqamətində işlər davam etdiriləcək. Gələn il qeyri-neft sektorunun hesabına 75,5%  gəlir nəzərdə tutulur ki, bu da çox yüksək rəqəmdir. Eyni müsbət fikirləri Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə daxil olan gəlirlər barədə də demək olar.

Həmin proqnozlar da artımla müşahidə olunur. Aparılan islahatlar və şəffaflıq nəticəsində gömrük xətti ilə daxilolmalar əvvəlki illərə nisbətən 500 milyon manatdan çox artacaq. Bütövlükdə Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmaların çəkisi artacaq. ”

Ziyad Səmədzadə vurğulayıb ki, gələn ilin dövlət büdcəsində sosial yönümlü büdcə olacaq: “Gələn ilin dövlət büdcəsində xərclər 40% olmaqla proqnozlaşdırılıb”.
AzərPEYK


Xəbər lenti