Ötən həftə Ankarada Türkiyənin xarici ölkələrdəki səfirlərinin toplantısı keçirildi. Sözügedən tədbirdə 2008-2012-ci illərdə Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində çalışmış, hazırda isə qardaş ölkəni Moldovada təmsil edən Hülusi Kılıç da iştirak edirdi.
Azərbaycanda yalnız xoş xatirələrlə yaddaşlara həkk olunan böyükelçi ilə internet üzərində əlaqə yaradıb bir sıra suallarımıza cavab almaq istəsək də, ötən günlərdə gərgin qrafik səbəbindən bu, mümkün olmurdu. Nəhayət, rəsmi tədbirlər bitəndən sonra Hülusi bəy vəd etdiyi kimi suallarımızı cavablandırdı. Ancaq mümkün olanı danışmaq şərtilə. Səfirlərin toplantısı barədə isə yalnız bunu bildirdi ki, 2008-ci ildən sonra Türkiyədə səfirlərin konfransı keçirilir və bu il 9-cu konfrans baş tutub. Hülusi Kılıç digər suallarımızı məmnunluqla cavablandırdı:
 - Hülusi bəy, Moldovaya səfir təyinatından sonra Türkiyəyə ilk dəfə gedirdiniz?
- Yox, bir neçə dəfə getmişəm. Dekabrda Bakıya da gəlmişdim, bir sıra şəxslərlə görüşüm oldu.  Hətta bundan əvvəl avqust ayında da Azərbaycanda oldum.
 - Artıq xeyli müddətdir Azərbaycandan kənardasınız. Azərbaycanla, Bakı ilə bağlı xatirələriniz maraqlıdır. 
- Azərbaycan mənim vətənimdir. Türkiyə mənim üçün nədirsə, Azərbaycan da odur, heç bir fərqi yoxdur. Azərbaycanda 4 il yarım səfir kimi işlədim və prezidentdən orden alan yeganə səfirəm. (Prezident İlham Əliyev 2012-ci ildə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıçın “Dostluq ordeni” ilə təltif olunması haqqında sərəncam imzalayıb-E.P.) İnşallah, növbəti gəlişimdə daha geniş danışarıq. 
- Bəs, Moldovada çalışmaq necə, sizə çətin deyil ki?
- Yox. Orada da türklər var. Həmçinin qaqauz türkləri var. Çətin nə olacaq? Biz alışqanlıyıq. Moldova da bizə dost ölkədir.
 - Artıq bir neçə aydır ki, Moldova səfir olaraq çalışırsınız. Bu ölkə ilə bağlı təəssüratlarınız necədir?
-  Mən hələ Moldovada yeniyəm. 4 aydır fəaliyyətə başlamışam. Bir az vaxt keçəndən sonra daha çox şeylərdən danışmaq olar.
- Moldovanın yeni prezidenti ilə təmasınız olubmu?
- Bəli. And içdikdən 5 gün sonra birinci Rusiyanın səfiri, ikinci mən görüşdüm. Əlaqələrimiz lap yaxşıdır.
- Qaqauz Muxtar Vilayətində oldunuzmu, qaqauz türkləri ilə görüşdünüzmü?
-Təbii ki. Hər ay iki-üç dəfə görüşürəm. Onlar da bizim qan qardaşımızdır.
- Onlar Türkiyəni, Azərbaycanı yaxından tanıyırlarmı?
- Təbii ki, hamısı tanıyır. Orada 160 min nəfər qaqauz türkləri yaşayır. Onların universitetləri var, ana dilində təhsil alırlar. Eynilə bizim kimi danışırlar, türkcələri də çox asan anlaşılır.
Bundan sonra da onları dəstəkləyəcəyik. Hər zaman onların yanındayıq.

“Qaqauz türkləri ilə ayda iki-üç dəfə görüşürəm, onlar da bizim qan qardaşımızdır”

 
- Qaqauz türklərinin Azərbaycandan hansısa istəkləri varmı?
- Hazırda hansısa əlaqələri yoxdur, amma bundan sonra olacaq. Onların İrina Vlah adlı başqanı var, mən ona “sən bir Azərbaycana get”, dedim.  
 - Bəs, ordakı azərbaycanlıların vəziyyəti necədir?
- Moldovada azərbaycanlılar da var, çox yaxşı insanlardır. Durumları çox yaxşıdır.
 - Hülusi bəy, Türkiyənin baş naziri Binəli Yıldırımla bərabər fotonuzu gördük. Yəqin ki, təmas imkanınız oldu. Nələrdən danışdınız?
- Yemək mərasimi zamanı çəkdirdik. 150 səfir vardı. Baş nazir bütün səfirlərə yemək verdi. Görüşdük, amma ayrılıqda söhbət etmədik. Sadəcə bütün səfirlər foto çəkdirdi. Ona görə də çox qısa təmas oldu. 
- Son aylarda Türkiyəyə qarşı həyata keçirilən qanlı terror olayları çoxlu sayda itkilərə səbəb oldu. Üstəlik, bəzi güclər Türkiyəyə təzyiqləri artırıb. Bütün bunlarla bağlı siz nə deyə bilərsiniz?
- Bəzi xarici qüvvələr Türkiyədə terroru dəstəkləyir. Bu qüvvələri pisləyirik. Terror insanlığın əsas problemi, ortaq düşmənidir. Terrora qarşı bütün dövlətlərin əməkdaşlıq etməsi əsas şərtdir. Türkiyə güclü ölkədir. Qısa müddətdə terrorun axırına çıxacaq. Xalqımız da terrorla mücadilədə hökumətin yanındadır.
 - Türkiyənin Azərbaycandakı hazırkı səfiri Erkan Özoral daha əvvəllər sizinlə birgə çalışıb. Onunla bağlı fikirləriniz çox maraqlıdır…
- O da mənim kimi Azərbaycanı çox sevir. Erkan bəy mənə qardaş kimidir. Əminəm ki, orada çox yaxşı işlər görəcək. Ankarada da görüşdük, danışdıq. Azərbaycanda təkrar çalışmaqdan çox məmnundur. Mən səfir olanda o, müavin kimi çalışırdı, indi isə səfir olaraq işləyir. Şübhəm yoxdur ki, mənim kimi, onun da çox gözəl işləri olacaq, özünüz də görəcəksiniz. Azərbaycanı çox sevdiyi üçün orada çalışmaq istədi. İstədiyi başqa bir yerə də gedə bilərdi. Çünki o da mənim kimi prezidentimizin yanında işləyirdi. Bilirsiniz, mən Azərbaycana təyin olduğum zaman prezidentimizin yanında işləyirdim. Səfirin xanımı Meltem xanım da çox yaxşı insandır. Azərbaycanı çox sevir. Azərbaycanda çox dostu və yoldaşı var. Azərbaycanda olduğu vaxtda daima azərbaycanlı xanımların yanında olacaq. Yaxşı işlər görəcək.
- Özü də işinə çox yaxşı da başlayıb, ilk günlərdən mətbuatla sıx münasibətlər qurmağı bacarıb...
 - Siz də ona kömək edin, hər zaman yanında olun, dəstəkləyin.
 

“Azərbaycanın səfiri Qüdsi Osmanovla əl-ələ, kürək-kürəyə verib birgə çalışırıq”

 - Hülusi bəy, iki qardaş ölkə arasında elə məsələlər varmı ki, siz Bakıda səfir olaraq fəaliyyət göstərdiyiniz dönəmdə reallaşmasını istəmisiniz, amma hələ də həyata keçməyib?
- İndi Türkiyə və Azərbaycan bir-birinə daha çox yaxınlaşıb, daha yaxın əlaqələri var. Ona görə də əlaqələrimiz çox yaxşıdır, daha da güclənir. Türkiyədəki 15 iyul olayları zamanı Azərbaycan bir qardaş kimi çox böyük dəstək verdi. Bizim də Azərbaycana böyük sevgimiz var. Atatürk demişkən, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Eyni şəkildə biz Azərbaycanın Türkiyəyə nə qədər yaxın olduğunu 15 iyulda hiss etdik. Orada FETÖ ilə bağlı məktəblərin hamısını bağladılar, bu da bizi çox şad etdi.
 - Azərbaycanın Moldovadakı səfiri ilə əlaqələriniz varmı? 
- Azərbaycanın çox yaxşı bir səfiri var, Qüdsi Osmanov. O, Moskvadan gəlib. Biz əl-ələ, kürək-kürəyə verib birgə çalışırıq. Yəni iki dövlətin iki səfiri var,  həm Azərbaycanın, həm Türkiyənin Moldovada iki səfiri var. Biz məhz belə işləyirik və hər kəs görür
- Digər türkdilli dövlətlərin təmsilçiləri ilə əlaqələr necədir?
- Digər türkdilli dövlətlərin səfirləri yoxdur. Yalnız Azərbaycan və Türkiyədir. Nə qazaxların, nə qırğızların, nə türkmənlərin, nə də özbəklərin səfiri yoxdur. Qazaxların bir konsulluğu var,  o da yerli konsulluqdur. Biz həm də türkdilli dövlətləri təmsil edirik.
- Hülusi bəy, bildiyimizə görə sizin oğlunuz da Türkiyə hökumətində təmsil olunur...
- Bəli, baş nazirlikdə çalışır.  Baş nazirin protokol müdiridir.
Söhbətimizin sonunda Hülusi bəy Azərbaycana səmimi salamlarını çatdırmağımızı istədi...(musavat.com)
AzərPEYK

Bölmənin digər xəbərləri

30 Aprel 2019 Bakı Biznes Universitetinin “EQAC” layihəsinin növbəti təlimləri
30 Oktyabr 2017 Xalq Artisti Rafiq Hüseyinov vəfat etdi
18 Oktyabr 2017 Belarusdan gələn nümayəndə heyəti STP ilə tanış olub
02 Fevral 2017 Azərbaycan İslam Oyunlarına gələ bilməyən 7 ölkəyə maliyyə köməyi edəcək
01 Fevral 2017 Siyavuş Novruzov : “Oturduğunuz stula hörmət edin!”
30 Yanvar 2017 Prezidentdən məmurlara növbəti XƏBƏRDARLIQ: “Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın!”
30 Yanvar 2017 “Problemlərin ağırlığını əhalinin üstünə yükləmək səhv yoldu”
30 Yanvar 2017 “Reina” qatilinin arvadı onun sevgilisi olduğunu öyrənən kimi danışmağa başlayıb
30 Yanvar 2017 Müdafiə Nazirliyi: Azərbaycanın hərbi qulluqçusu özünəqəsd nəticəsində həlak olub
29 Yanvar 2017 Bir əsgərimiz şəhid olub-"Düşmən gülləsinə tuş gəlməsəm görüşərik"
06 Yanvar 2017 "İş tapdım, arvad da sakitləşdi"- şahid "Rabitə işi"nə görə həbs edilənləri "qaymaq" adlandırdı
05 Yanvar 2017 13 deputata ev verilir: Oqtay Əsədov, Hadi Rəcəbli, Bəxtiyar Əliyev...
05 Yanvar 2017 Rövşən Lənkəranskinin qətlinin sifarişçisi məlum oldu – ŞOK AÇIQLAMA
04 Yanvar 2017 Azərbaycanlı qadın əlində avtomatla "odxod" deyən deputatı hədələdi: "Səni dəlik-deşik edərəm" - VİDEO
30 Dekabr 2016 Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
30 Dekabr 2016 MTN-çilərin həbs qoyulmuş milyonluq əmlakları: bağlar, villalar, şirkətlər, “zapravka”lar, torpaqlar...
30 Dekabr 2016 Sahibkarlara şad xəbər: vergi amnistiyası ilə bağlı qanun qəbul olundu
29 Dekabr 2016 Ermənilər cəbhədə vəziyyəti niyə gərginləşdirir?
29 Dekabr 2016 Bakıda antiterror tədbiri - ənənəvi Yeni il konserti təxirə salındı
28 Dekabr 2016 Millət vəkilinə danışmaq qadağan edilib: "Hər müsahibəmdən sonra..."

Xəbər lenti