Necə gətirmisən, eləcə apar,
Ey gözəgörünməz əl, apar məni.
Mən boyda torpağın bağrını qopar,
Mən boyda torpağı dəl, apar məni.

Taleyə, qismətə könül uymasın,
Özündən xoşbəxtlik-zad uydurmasın.
Apar uzaqlara, kimsə duymasın,
Külək, apar məni, yel, apar məni.

Mən aşiq olardım gündə yüz kərə,
Baxmazdım dinlərə, təriqətlərə.
Aç köhnə qapını həqiqətlərə,
Tufan apar məni, sel, apar məni.

Kimdi o bəzənib gülnən, çəmənnən? -
Gəlsin də yürüsün dumannan, çənnən.
Sən də, qaragözlüm, ayrılma mənnən,
Gəl mənim yanımda qal, apar məni.

Gördünmü od tutub alışan daşı,
Kəsdimi bıçaq tək iti yaddaşı?
Vermə yad əllərə, yad əllər naşı,
Könlümü saz kimi çal apar məni.

Çıxdı aydınlığa söz izlərimdə,
Mən tikan üstündə, köz izlərimdə...
Məni azdırdılar öz izlərimdə,
Mən gedə bilmədim, yol, apar məni.

Mən bütün sirləri bilib qalmışam,
Bir payız günündə solub qalmışam.
Ölmüşəm... bu yerdə ölüb qalmışam,
Gəl apar göylərə, gəl apar məni.

***
Qəfil yolun büdrəsə,
Yıxılsan, ağlama haa...
Toplananlar içində
Çıxılsan, ağlama haa...

Pəncərəndə bu səhər,
Ümid dolu bir şəhər...
Sıxsa səni qəm-qəhər,
Boğulsan, ağlama haa...

Gəldin içinnən ahın,
Ən müqəddəs günahın.
Göz yaşındı silahın,
Oğulsan, ağlama haa...

Üz-üzə daş-dəmirlə,
Haqdan gələn əmrlə.
Yenidən bu ömürlə
Doğulsan, ağlama haa...

***
Məni xilas eylə bu ziddiyyətdən,
Ruhuma hüzuru, səfanı qaytar.
Cəfası xoş imiş saf məhəbbətin,
Qaytar apardığın cəfanı, qaytar.

Səssiz gəl, səssiz get, duyan olmaya,
Nola, bu sevgiyə qıyan olmaya.
Təbibə, loğmana əyan olmayan
Dərdimə dərmanı-dəvanı qaytar.

Gələndə müqəddəs günahı gətir,
Dini, peyğəmbəri, Allahı gətir.
Ömrümə günəşi, sabahı gətir,
Oyaq gecələrə röyanı qaytar.

Bax, necə çətindir, çətin... zamanlar,
Sənsiz bu sərgərdan, yetim zamanlar.
Sükuta qərq olub bütün zamanlar,
O şirin çağları, o anı qaytar.

Yenə üşüyürəm, adam, soyuqdur,
İçimdən alışan odam, soyuqdur...
Tikan üstündəyəm, odam soyuqdur,
Ruhuma ruh qatan yuvanı qaytar.

Demək, dəyişərmiş yazılan yazı,
Həyatın mənası, ritmi, avazı.
Qaytar təbiətə baharı, yazı,
Qaytar o çiçəyi, fidanı qaytar.

Tanrı, əsirgəmə mərhəmətini,
Sənə əfv eyləmək düşür çətini...
Mənə o əvvəlki sədaqətini,
Mənə o əvvəlki vəfanı qaytar.

***
Mən ki, bu zehinlə, bu yaddaş ilə,
Niyə tanıyıram gec adamları?
Yeri boş qalmasın deyə, yaranan,
Bu axmaq, sərsəri, gic adamları.

Özünnən yuxarı qıldan incədi,
Özünnən aşağı... urəyincədi.
Əvvəli necəydi, sonu necədi,
Gör necə dəyişir güc adamları...

Şeytanı adamdan ayıra bilmir,
Ta torpaq adamlar qayıra bilmir...
Min ildi fələk də doyura bilmir,
Ruhu ac, gözləri ac adamları.

Sağın tamahkardı, solun tamahkar,
İlahi, şeytana nə ehtiyac var?
Özün müqəssirsən, özün günahkar,
Sən "heç"dən yaratdın "heç" adamları.

Oxu adamları, tanı yaxından,
Azını azınnan, çoxu çoxunnan.
Çıxardır adamı adamlığından,
Çıxardır adamı... suç adamları.

Bir səsdən, bir sözdən, bir ahdan tutub,
İşıqlı günəşdən, sabahdan tutub...
Yükünü savabdan-günahdan tutub,
Gedir axirətə köç adamları.

Deyirlər, çatacaq sonu dünyanın,
Yeni peyğəmbəri hanı dünyanın?
Sevgidi xilası fani dünyanın,
Faiq, sevgi ilə quc adamları.

***
Mən elə bir təkəm, elə tənhayam,
Anlamaz tərk edib gedənlər məni.
Kimsəsiz uşaq tək basır bağrına
"Niyələr", "nəyçünlər", "nədənlər" məni.

Sözə bax, bıçaq tək kəsdi ətimi,
Tapdadı hissimi, ləyaqətimi...
Unudar ətrimi, hərarətimi,
Unudar sevdiyim bədənlər məni.

Mən beş barmağımı bal eyləmişdim,
Sinəmin üstünnən yol eyləmişdim.
Bu şair canımı qul eyləmişdim,
Məhv etdi xeyrini güdənlər məni.

Bu nə qələbəlik, nə qeylü-qaldı?
Sən ki, yaşayırsan, sənə halaldı.
Özü də bilmədən söz-söz ucaldır,
Yaxşıya yamanlıq edənlər məni.

Ey mənim vahidim, təkim, yalqızım,
Haçan parlayacaq bir də ulduzum?
Bilirsən, sənin tək anlamaz, quzum,
İt kimi bir-birin didənlər məni


Xəbər lenti