Xalq yazıçısı Anarın və yazıçı Tural Anaroğlunun əsərlərinin yer aldığı, telepyeslərdən ibarət “Evləri köndələn yar” - “Evləri göydələn yar” kitabı işıq üzü görüb.

Kitaba Anarın “Evləri köndələn yar” telekomediyası, T.Anaroğlunun “O da olsun, bu da olsun!” əsəri, “Xəstəxana” televiziya tamaşası və “Evləri göydələn yar” telepyesi daxildir.

Anarın 1982-ci ildə qələmə aldığı məşhur telekomediya elə həmin ildə Ramiz Həsənoğlu və Tariyel Vəliyevin rejissorluğu ilə ekranlaşdırılıb. Vaxtilə böyük əks-səda yaradan tele-tamaşanın ardı kimi Tural Anaroğlu “Evləri göydələn yar” telepyesini qələmə alıb. Bu əsərdə Anarın qəhrəmanları yenidən yaradılıb. Müəllif həmin personajların təxminən 25 il sonrakı taleyi və yeni nəslin, cütlüyün timsalında təzə bir eşq hekayəsi canlandırıb. Qeyd edək ki, “Evləri göydələn yar” əsəri əsasında 2010-cu ildə bədii televiziya filmi çəklib.

“Xəstəxana” telepyesində Tural Anaroğlu bədii satiradan ustalıqla istifadə edir. Canlı, oynaq xarakterlər vasitəsilə falçılıq, fırıldaqçılıq, savadsızlıq gülüş hədəfinə çevrilir. Əsərin digər hissəsini təşkil edən sevgi sujetində isə ülvi, səmimi duyğular komedik bir dillə öz əksini tapıb.

“O da olsun, bu da olsun!” əsəri Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunub. Müəllif müqəddimədə qeyd edir ki, əsər Ü. Hacıbəyliyə qarşı uzun illər törədilən  təxribatlara diqqət çəkir: “Üzeyir Hacıbəylinin əsərləri bir əsrdir ki, həyasızca oğurlanmaqdadır. Bəziləri bunları aranjeman edərək daha peşəkar, bəziləri isə olduğu kimi, notunu, sözlərini dəyişmədən mənimsəyirlər. Ən faciəli cəhət isə, bu oğurlanmış əsərlərin əsasında xarici ölkələrdə filmlər çəkilir, bəzi festivallarda mükafatlar alınır. Əsərin əsl müəllifi olan Üzeyir bəyin isə heç adı da çəkilmir. Zənnimizcə, belə haqsızlıqlarla hər birimiz bacardığımız kimi mübarizə aparmalıyıq”.

Əsərin əsas qayəsi Ü. Hacıbəylinin musiqili komediyalarının, onun qəhrəmanlarının təbliği, tanıdılmasıdır: “Oxucularımız bəzi personajların və hadisələrin “O olmasın, bu olsun”, bəzilərinin isə “Arşın mal alan” musiqili komediyalarından alındığını dərhal anlayacaqlar. Üzeyir dəst-xəttini, Üzeyir yumorunu, Üzeyir satirasını hiss edəcəklər. Biz qarşımıza nə bu əsərlərin sujetlərini, və ya qəhrəmanlarını dəyişmək, nə də ki böyük ustadın qələminin məhsulu olan, zaman və məkan imtahanından çıxmış, dinindən, dilindən, milliyyətindən asılı olmayaraq müxtəlif xalqlar tərəfindən sevilən əsərləri dəyişmək məqsədi güdmürük. İstəyimiz, arzumuz, hədəfimiz bu gün də, yalnız Azərbaycanda deyil, ümumiyyətlə dünyanın hər hansı bir yerində əsərdə cərəyan edən hadisənin baş verə biləcəyini göstərməkdir. Əgər yüz il bundan əvvəl yazılan bir sujet, onun qəhrəmanları, personajların daxili aləmi və düşüncələri dəyişməyibsə, o zaman, bu, müəllifin böyüklüyündən, əsərin əzəmətindən xəbər verir. Məqsədimiz də oxucunun diqqətini məhz bu nöqtəyə çevirməkdir”.
AzərPEYK


Xəbər lenti