Səmimiyyət günləri

Bəlkə açıq danışaq
Hislərinə bələdəm?!
Sən də unutmamısan
Darıxırsan hələ də.

Sənə də xatirələr
Ümid verir arada.
Tanrıya yalvarırsan
Yenə fürsət yarada.

Deyirsən bir dost ola
Adam dərdin danışa.
Elə sən də yatanda
Sarılırsan balışa.

Axı sən də gecələr
Həsrətimdən ölürsən
Nəsə düşür yadına
Dəli kimi gülürsən.

Ayrılıq su deyilki
İçəsən bir nəfəsə.
Sən də çaşıb adımı
Söyləmisən kiməsə.

Bəlkə açıq danışaq
Səmimi ol demisən.
Mən də unutmamışam
Sən də mənim kimisən.


Hava, Su

Dedinki sevgidən danışma artıq
Göz aç həqiqətə oyan
yuxudan.
Soruşdum-“mən axı nədən danışım?”
Dedinki danış
da, havadan,sudan.

Yaxşı, qoy havadan danışım bir az,
Sabah da ruhumu bulud boğacaq.
Yenə baxışımda şimşək çaxacaq,
Yenə gözlərimdən yağış yağacaq

Qorxuramki payız gəlsə bu elə
Könlümün ətirli gülü
solacaq.
Mən hardan biləydim
əllərin belə-
Münasibətin tək soyuq
olacaq.

Yenə yarpaqların rəngi sarıdır,
Bir gün ümidlərim donub öləcək.
Ömrümün ən soyuq qış aylarıdır
Axırda başıma hava
gələcək.

Adamda soyuqluq olmaz bu qədər,
Mövzunu dəyişim bəlkə qızışım?!
Havadan bu qədər məncə bəs edər.
Qoy indi bir az da sudan danışım.

İki addım atıb geriyə
döndüm,
O gecə yanımdan ötəndə birdən.
Səni gördüyüm gün elə düşündüm
Səhrada bir içim su
tapmışam mən.

Sahili intizar,dalğası hicran,
Nakam dənizlərə bəxtimlə tənəm.
Gedəndə dalınca su atan oğlan,
Gələndə yoluna su səpən mənəm.

Danışıb həddini aşsan da hərdən,
Bilirəm ki yoxdur
hiylən, kələyin.
Çaylar kimi coşub, daşsan da hərdən
Su qədər təmizdir, safdır ürəyin.

Qorxuram yenə də çıxıb gedərsən
Demə aramızdan su belə keçmir.
Birdən sular kimi axıb
gedərsən,
Nəsə bu sevgidən gözüm su içmir


İstanbul Aydın Universiteti, Radyo, televizyon, sinema fakultəsi 2ci kurs tələbəsi . Yeni imza, yeni nəfəs. Hər zaman ətrafından düşüncə bacarığı ilə, istedadı ilə seçilən, fərqlənən dostumuz hal-hazırda ürək əməliyyatı keçirmişdir.
Bu cür istedadları qorumaq lazımdır. Çünki ölkə hər zaman istedadlı insanların çiyinlərində ayaqda durur.
Azerpeyk.az Fərid Müslümün şeirlərini təqdim edir:
 
 
İnsan, sən kimsən?
Bu nə ağır keçmişdir?!
Bu nə soyuq gələcək?!
Bu nə bitməz axtarış?!
Nərədədir müqəssir?
Bütün bu səfalətin
günahı kimlərdədi?
İnsan, uslanmaz nəfsin
bar qoymadı dünyada.
Təbiətin hökmünü
əlindən oğurladın.
Zaman ötüb keçdikcə
qəlibinə sığmadın.
Axı nədir ki, söylə,
bu tamaha səbəb nə?
Quru bir məzar üçün
ömrün boyu çalışmaq?
Yaşamaqda məqsədin
məzara yaxınlaşmaq,
ölümə hazırlaşmaq.

 

Axı demişdim Bakı səfərlərim gözəl olur. Həm də həmişə nəsə qazanır, nəsə mənimsəyirəm. İlk dəfə idi filmin təqdimatına gedirdim. Təsəvvür edin, ucqar kəndən bir oğlan, bakıda iki-üç ən doğma dostlarından biri olan Elvin Paşanın və dostlarının minbir əziyyətlə ərsəyə gətirdiyi filmin təqtimatında iştirak edəcək. Bu ki, gözəldir. Bu arada onu da deyim ki, bal tutan barmaqını yalamalıdır. Yəni könlü balıq istəyən quyruğu suda olmalıdır kimi bir şey, özü də soyuq su. Birdən ikidən belə şey görmüşəm ki, tək də gedim? Yox, görməmişəm. Bu dəmdə kim mənə yoldaşlıq edər? Təbiki dediyim ən doğma dostlardan digər biri, Çinarə Ömray. İlk dəfədi Çinarə Ömray deyəndə yadıma üşümək düşür. O gün evdən çıxanda insafını yaddan çıxarıb evdə qoymuşdu. Məsləhətləşdik ki, birgə gedək, və saat 1-ə görüşək, sonra digər yoldaşlarla birləşib gedirik təqdimata. İlahi, bu sadə iş imiş. Dedim axı üşümək yadıma düşüb. Çinarə məni saat 4-ə qədər Bakının fikirli adamları və ərköyün, soyuq küləyi ilə üz-üzə qoyubmuşdu. Elə bilirdim dünyada ən çox ehtiyac Afrikaya yağmalı yağışa duyulur, yox, ən çox ehtiyac Çinarənin telefonunun enerjisinə duyulur. Görüş yeri Elmlər Metrosunun önü. İndi Çinarəyə nə zəng çatır, nə də başqa əlaqə var. Heç yerə də gedə bilmirəm, axı ayıbdı, gələr görərki mən yoxam. Vaxt da getmir. Keçdim Kəramət Böyükçölün dediyi manatlıq dönərsatanın yanındaki kitabxanaya 5manat 10qəpik verib 10% endirimlə Jack Londonun "Oyun" romanı olan kitabı aldım. Çıxanda gördüm kitab 4,99 azn imiş. Qız məni aldadıb. Qurban olasız Elvinə deyib gəldim metronun o heykəl olduğum giriş-çıxış qapısının ağzına.Əllərim donub, son gücümü yığıb Çinarəyə "hardasan" deyə mesaj yazdım. Və yenə axşamki görüşü xəyal edə-edə isinməyə çalışıram. İlahi, bu nədi? Telefon titrəyir, həyəcanlanır, şaddığından ölür telefon. Çinarə 21 mesajımdan sonra üç sözlük səs yollayıb "gəl 28 may-a". Hirsimdən gülə-gülə baş üstə deyib girdim metroya. Və budur, telefonum artıq sevincdən duyğusallaşıb, kövrəlir az qala Çinarə 34saniyəlik səs atıb "sən gəl, mənim biraz işim var, onu da həll edək".Adətən belə hallarda evdə tez bir qaşıq qara istiot yeyirəm ki, fikrim qarışsın başım acıya qarışsın yoxsa partlayaram. Sağ olsun kimsə qatara sarımsaqlı xəngəl yeyib minmişdi. Fikrim dağıldı. Görüşdük, Çinarənin qəribə gülməyi var, adam muma dönür. Demək olar heç üz vurmadım. O, öz işini həll edir. Mən də Seyran İsmayıl və Hidayət Sönməzlə əlaqə yaratıb görüş yerini təyin edirəm təbi ki, tanımıram. Guya haranı tanıyıram ki, Çinarə həll elədi məsələni. Görüşdük söhbətləşdik və üz tutduq, "ONUN ÜNVANINA" Nizami Kinoteatrına. Bura gözəl məkan imiş. İlk işim Elvini axtarmaqım oldu. Odur ey, bütün qonaqlarla şəxsən maraqlanan canfəşanlıq edən qardaşım. Qızılı kastumlu qızıl kimi oğlan! O gün də demişdim, mən böyük adam deyiləm, amma Elvin bizi görüb sevindi. Bu onun ilk işidir buna görə iştirakım vacibdir və sevilən tərəf kimi gəlməliyəm. Səmimi görüşmək, sevgi dolu təbriklər. Adamlar da artıq doluşur. Şəxsən tanıdığım sənət dostlarımdan tutmuş, tanınmış simalar aktyorlar çoxu burdaydı. Çinarə fotoaparatı götürüb keçdi həmləyə ki, reportaj hazırlayacam. Başını qatdım bu məsuliyyəti ondan oğurlayıb özümünkiləşdirdim. Şəkillər ondan, yazı məndən. Artıq film başlamaq üzrədir. Daxıl oluruq zala13-cü sıra, yer 6,7,8,9 işıqlar sönməmişdən öncə aparıcı Kamal Yaşarın maraqlı açıqlamalı çıxışı hər şeyə dəyərdi. Yana əyilib nə səmimi adam imiş deyə xarakterizə edirəm Kamal Yaşarı. Artıq film başlayır. Çox, həm də çox diqqətlə izləyirəm, baş rola çəkilmiş aktyorun bu rolu ilk iş olaraq ifa etməyi adamı heyrətləndirməyə bilməzdi. Həmçini digər rollarda əksəri şəxsən tanıdığım dostlarımın olması mənə qürur verirdi. Filmi sevdim, Kamal Yaşarın dönə-dönə film ilk işimizdir irad və təkliflərinizə ehtiyac var deməyi bu işdə sevginin ustalığı ötməsi demək idi. Elə böyük sevgi sərf olunmuşdu ki, ustalıq onun kölgəsində qala bilərdi. Bunu bacarmışdılar, indiki zamanda kütləyə bu kimi filmi sevdirə bilmək sevginin, zəhmətin, uzun iş prosesinin bəhrəsi idi. Mən də öz növbəmdə diqqətlə izlədiyimi demişəmsə

Öz aləmimdə bir iki xırda qüsür aşkar etmişəm. O qədər diqqətlə izlədim ki, bir rolun ifaçısın dişlərinin 3 ya 4-ü taxma olduğunu sezdim o dövr üçün bu olmamalı idi. Bunu səhvə görə demirəm, necə sevə-sevə izlədiyimə görə deyirəm. Elvinə də arada fikir verirdim, elə bil ürəyi çıxırdı can yandırırdı. Sevirdi və məmnun idi işindən. Mən də buna sevinirdim. İmam Sadiqin Ünvana verdiyi nəsihət və məsləhətlərindən yaddaşıma həkk olunan az şey yoxdur. Adamın ruhu durulur. Budur, 30 dəqiqəlik "Onun Ünvanı" adlı qısametrajlı dini film başa çatdı, və Kamal Yaşarın film bitər bitməz getməyə tələsməyin deməyinə sadiq qalıb dostların, sənətkarların film haqda təəssüratlarını dinləyirik. Hər kəs filmi öz bildiyi qədər analiz edir, çatışan və çatışmayan yerləri qeyd edir. Sonda səhv etmirəmsə Elvinin təklifi ilə bütün yaradıcı heyyət səhnəyə dəvət alır və alqışlarla qarşılanırlar. Bu elə-belə alqış səsi deyildi, ilk dəfəydi əllərin ayaq səsi çıxardığını eşidirdim, bəli bəli bu alqış səsləri yox, uğurun ayaq səsləri idi, o düz onlara tərəf gəlirdi. Bu reportajı hazırlamaqda, bu filmə bağlılığımı düşünə bilməyim belə mənə rahatlıq verir. Səmimi qəlbdən təbrik edir, sevgilərimi yetirirəm. Növbəti uğurunuzda görüşmək ümidi ilə

 

 

Ardını oxu...

Canım üçün yaxşıyam

Anamın doğmalığı atamın yadlığını
ört basdır edəndə anladım ki,
insan ancaq Tanrısız yaşıya bilməz.

Sənsiz də yaşamaq olurmuş, qadası.
Misal üçün, məni səhər yuxudan oyadan da var,
 axşam "evə tez gəl" deyən də.

Gör bir necə varlığı qoymuşam yoxluğuna,
Özünü yüksəklikdən atıb intihar edən gəncin cəsarətinə and olsun ki,
daha yıxılmıram sənin boşluğuna.

Yaxşıyam, canım üçün yaxşıyam.

Elə sən də yaxşısan, qadası.
Mənim olmadığım yerlərdə
xoşbəxtlik var bilirəm.
Elə sənin olduğun yer kimi,
80-cı illər kimi.

Bir də ki, səni təzədən sevməyə nə var.
Özün də yaxşı bilirsən,
Bilirsən ki,
 əlimin çatmadığı yerə ürəyim çatırsa,
əlçatmaz deyilsən.
Özün də yaxsi bilirsən

Günel onu bağışla

Yenə sizin küçəni qarış-qarış gəzmişəm,
Deməli 13 ağac, 6 işıq dirəyi, bir neçə yiyəsiz it.
Ağaca söykənmişəm, işığa göz dikirəm, itlərlə danışıram.
Səni unutmaq üçün bundan yaxşı şərait?

Küçənizin başında bir məscid də var hələ,
Azanı eşidəndə dilimin altda bir az
zümzümə eləyirəm
Bu sirli çağırışı uşaqların dilinə
tərcümə eləyirəm...

Ax bu yeniyetmələr!!!
Ax bu yeniyetmələr!!!

Məscidin hasarında
"Günel, səni sevirəm"
"Günel, məni bağışla"
"Günel, çox darıxmışam"
qırmızı, ağ yazılar...

Quşlar divardan məktub götürə bilmir axı,
Alın yazılarını bura nahaq yazırlar...

Görəsən minarədən
özümü yerə atsam
mənə günah yazılar?

İstəyirəm qışqırım küçənin ortasında:
"Günel, o səni sevir"
"Günel, onu bağışla"
"Günel, o çox darıxıb"

Səni görsəm qorxuram Günel deyim karıxıb.

Hava da ki çox isti, ürəyim də sıxılır,
Eh bu darıxmaq da ki, yığıb məni boğaza.
Siqaret də qutarıb,
Tərsliyə bax mən çəkən siqaretdən də satmır küçədəki mağaza.

Məndən 5-6 ağac o tərəfdə bir nəfər
bir ağaca söykənib, işığa gözün dikib,
itlər ilə danışır.
Dərindən nəfəs alır

Deyəsən o Günel də sizin küçədə qalır...

Xəzər Süleymanlıya

Sənin səsinə vurulan qadınlar dürüstdür,
mənim şeirlərimi bəyənməyənlər yalançı.
Onlar bilmirlər,
adında boğulsunlar, yoxsa səsində.
Bax o qadınlar var ha,
bizə bir od qoyacaq Allahın məhkəməsində,
heç müqəddəs qadınların göz yaşı da
söndürməyəcək o odu.
Biz hansı qadınlar üçün darıxırıq?
Əsas məsələ də elə budu.

Biz pis adamlar deyilik, şair.
Elə ki, gördük kimsə bir tikə söz dilənir,
mən əlimdən gələni edirəm,
sən səsindən gələni.
Təsəlli üçün ən yaxşı sözlərə
ehtiyac yox imiş;
Görürsən də?
Mən çıxıb gedirəm dünyanın o başına;
Gəlirsən də?

Qorxma,
dünyanın bütün küncləri darıxmaq üçündü.
Darıxmaq da sənin kimi,
mənim kimi axmaq üçündü.

Biz dedikcə heç nəyimiz qalmayıb,
gah yetim dedilər bizə, gah da dilənçi.
Hərə bir şey aldı bizdən:
sevincimizi darıxmaq aldı,
gülüşümüzü ağlaya bilməmək;
Xoşbəxtliyimizi qadınlar aldı,
Əlimizdə-ovcumuzda bir-iki duamız qalıb,
onu da Allah alacaq.
Gəl gedək, şair, hər şey yaxşı olacaq.

Hər şey yaxşı olacaq;
Təzəsi başlayanda bu ağrın da dinəcək.
Yaxşısı, dünyadan getməkdi.
Biz gedəndə adamlar üzüləcək,
mələklər sevinəcək,
Biz pis adamlar deyilik, şair.
Gəl çıxaq gedək...
Necə ki, gedənlər buraxıb əlimizi getdi

Bilmirsən, Vaqif üçün Allah kimisə göndərdi,
yoxsa özü getdi?!

Bir də görursənki

Bir də görürsən ki, yaxşıdır hər şey,
Əlində-ovcunda qalıb əlləri.
Birgə islanmısan yağışın altda,
Birgə adlamısan gölməçələri.

Bir də görürsən ki, yaxşıdır hər şey,
Duanı eşidib qurban olduğum.
Daha tək deyilsən yer kürəsində,
Getməyə yerin var, tutmağa arzun.

Bir də görürsən ki, yaxşıdır hər şey,
Xoşbəxtlik səninlə başını qatır.
Bu dəfə görürsən başqadı hər şey,
Bu dəfə daha çox kişisən sanki,
Bu dəfə sevməyə ürəyin çatır.

Bir də görürsən ki yaxşıdı hər şey,
Hamı bəxtəvərdi sənin gözündə,
Xoşbəxtdir küçədə süpürgəçilər,
Səndən pul istəyən dilənçilərin
daha səmimidir duaları da,
Yalan danışmağın daşını atıb
ta bezib, yorulub yalançılar da,
Müştəri gözləmir sarı taksilər,
Qırmaqdan çıxarıb soxulcanları,
aldatmır balığı balıqçılar da.

 Sən yaxşı adamsan

Sən yaxşı adamsan, yaxşı adamsan.
bircə olmayaydı tez unutmağın,
bircə olmayaydı atıb getməyin,
bircə olmayaydı qayıtmamağın,
Say gör neçə oldu fələk saymamış,
Qatdala o incə barmaqlarını,
Qat ora üzüksüz barmağını da,
"Bircə"lər yığılıb üç oldu, gülüm,
"Bircə"lər yığılıb dağ oldu, gülüm.
Çıxıb getməyinə bir söz demirəm,
Məni unutmağın ağ oldu, gülüm.
Sən yaxşı adamsan, yaxşı adamsan,
Sən yaxşı adamsan, başına dönüm...

28 yaşın ağrısı (...və ya məni yazmağa məcbur edən ağır şələlər)

Heç kim öz doğulduğu günü xatırlamasa da, hər bəni-Adəmin huşunun göz açdığı, yaddaşının ayaq tutub yeriməyə başladığı bir gün var. Hər insanda dəyişən bu gün ya ya dörd, ya üç, ya da iki yaş yarımından başlayır. Söhbət ömrünüzün iyirminci, otuzuncu, qırxıncı, yetmişinci sinnisindən baxanda uşaqlığınızdan yaddaşınızda qalan sonuncu rəngli divara huşunuzun əl vura biləcəyi nöqtədən gedir. Məncə doğulduğumuz gün də elə həmin gündür. Bu gün oktyabr ayının 28-i iyirmi səkkizimin qaşının alındığı gündür. Qabaqdan qaş-qabağı düyünlü 29 gəlir. Qucağıma qardaş ağuşu istəyən donu yırtılmış zorlanmış qız libaslı 29 gəlir. Geridə qoyduqlarım da bir yandan arxaya boylanmağa utandırır məni. Yaddaşımın iməklədiyi günləri dumanlı xatırlayıram. Uşaqlığımdan xatırladığım ilk hadisə ilə sarsılmışam mən; 1992 – ci ilin 27 dekabrı idi. Bacım ölmüşdü. Anamın qucağında gözləri açıq bacımı silkələyib “Türkan, ay Türkan” –deyib səssiz-səssiz hıçqırdığını xatırlayıram. Üç yaşım vardı. Bircə uşaq instiki ilə onu düşündüm ki, bacı ilə daha qarğı atımızı minib küçədə çapmayacağıq. Atam qucağına alıb bacımı basdırmağa aparanda mən evdə yox idim. Əmim qızı əlimdən tutub evlərinə gətirmişdi. Üstündən iki-üç saat keçməmiş darıxdım bacım üçün. Anamın başı böyük əmimin yoldaşının-ağbajımın dizində idi. Heç kim mənə əhəmiyyət vermədi. Bacımın qoyun xalxalının qabağındakı “ağzı kəndirli” qarğı atını götürüb əmimgilə qayıtdım. Üç gün təkcə çapırdım əmimgilin həyətində. İndi anlayıram ki, bacıma eləcə yas saxlayırmışam, mən qara gün. Sonrakı günlər yadıma gəlmir, Allah baba. Uşaq vaxtı qonum-qonşuların, xüsusən də Əsli arvadın 250 manat verib məni “Astra” siqareti almağa göndərdikləri düşür yadıma. Döşəkçəli kötüklərin üstündə oturan qaynanalı gəlinlərin lobya, badımcan doğramaqlarını xatırlayıram. Mən də yanlarında uşaq saxlayırdım. Bir də birinci sinifə getdiyim gün yadıma gəlir. Elə ilk gün sarışın ulduz kimi parıldayan bir qıza vuruldum. O qədər utancaq idim ki, sevdiyimi deyə bilmədim. Heç indi də deyə bilmərəm... Əsgərlikdən gəlməyimə 29 gün qalmış toyu oldu. Ona xoşbəxtlik arzulamışam həmişə, bircə toyunda oxuduğuna görə, Bahar Lətifqızını lənətləyirəm. Sevdiyim mahnıları oxuduğuna görə... Sonra universitet həyatı. Baxışları ilə ərizə yazan qızların cavabını geri çevirə bilmədiyim qızlar oldu. Yeddimi, səkkizmi bilmirəm. Tanımaq üçün sevgili oldular, məni kəşf etdikdən sonra atdılar. Bilirsiniz nə qədər qız dolayıb məni? Mən kirli adamam, sevgili Allah baba. Vəhşiyə dönsəm də saflığımı qorudum Allah baba. Hikkəmdən bərabərlik qolunu vurmaq istədim, anam gözümün önündə durdu. Olmaz, südüm sənə hala olmaz-dedi. Ağladım yenə də hikkəmdən. Səndən üz döndərdim Allah baba. Əslində həmin qızları səndən əvvəl özümə tanrı eləmişdim. O tanrılardan kimisi fahişə çıxdı, kimisi kitab düşkünü olub evdə qalır hələ də. Kimisi də “kobud kənd uşağı” qoydu adımı. Amma bir həqiqət var, özləri açmışdılar qəlblərini. Tanrı qağaya ismarış da göndərdim, olmadı, Allah baba. İndiyə kimi bircə dəfə qız ağlatmışam, Allah. Şəkidən idi. Sonradan evlənək deyə yalvardım da, borclu qalmamaq üçün. Bir dəfə ağlatdığım üçün ömrümə şərik çıxmağına razı olmuşdum. O, isə daha uzaqgörən oynadı oyununu. Ömürlük intiqam üçün göynətmək qərarını seçdi. İçkidə-içkiyə “taym-aut” götürürəm, ismi-pünhan. Allah baba, çatdırarsan o qıza, ağlamasın, çox pis ağlayır. O cür ağlamağa davam eləsə, gələcək ərinin də ürəyini göy əskiyə bükəcək. Tovuzda işlədiyim vaxtlar sarışın və yaşılgöz bir qıza aşiq oldum. Çarpılma deyildi. Vurulma idi, dərdiş. Ayağı ağır sürüşürmüş, həm də oğurluğu varmış. Üstü açılanda televiziyanın hasarlarında adı manşet olmuşdu... Üç il özümə gəlməmişdim. Bir qıza isə öz kitab təqdimatımda aşiq olmuşdu. Kişmişi gülüşünə çarpılmışdım. Rəfiqəi ilə gəlmişdi. Tələbə idilər, kitab almağa pulları yox idi. Kitabımı hədiyyə etdim. Beləcə münasibət başladı. Bir ay sonra sevirəm səni-dedi. Sonra o da məni “kəşf edib” mədəni sürətdə bezdiyini açıqladı, Allah baba. Hər gələn qızın “Həyati” rəqsləri bezdirdi məni. Beləcə dadaist şeirlər yazmağa başladım. Heç kim anlamadı. Onsuz da dadaizm anlaşılmır ki... 28 yaş... Emrah Serbesin məhkəməsi olacaq. Adam adam vurub düşdü içəri. Ən sevdiyim yazıçılardandır. Özbəkcəyə şeirlərim çevrildi, antalogiyası da çıxıb. Öz şeirlərimin özbək türkcəsinə çevrilməsi haqda düşünürəm. Mən düşünərkən artıq tərcümələri başlayıb. ÜÇ kitabım çıxıb. Dördüncü kitabım siyasətçilərin müsahibələridir. Cürətli nəşriyyat tapsam çap etdirəcəyəm. 28 yaş... Facebookda siyasi statuslarıma – baxışlarıma görə, dodaq-dodağa öpüşdüyüm dostlar məni “qırdı”. Mən də el üzəki salam-əleyk edib keçirəm. Daha bağışlaya bilmirəm ay Göydəki! Bacarmıram. 28 yaş... 2015 – ci il parlament seçkilərinə namizədliyimi verdim. Ta heşzad, sadəcə verdim. Mənə də çox şey verirdilər, götürmədim. 28 yaş... Atamın məğlubiyyətli məni kişi elədi, atam. Görüb-götürməyə “beşəm”, Allaha şükür. 28 yaş... Hələ də bakirəm. Sözün altıbucaqlı mənasında... Mason deyiləm, yanlış anlamayın. Hə, bildinizmi indi məni yazmağa nələr vadar etdi. 28 oktyabr (əkin) 2017. Bakı Tural Turan
Hardasa bir qadın darıxır indi,
Hardasa bir kişi darıxan qədər.
Nəfəsi darıxır, ruhu darığır,
Nəğməsi darıxır, ahı darıxır
Darıxır dünyanın o başınacan,
Darıxa bilməyib bu yaşınacan,
bəlkə də ağlayır, nə bilmək olar.
Bəlkə də ağlasa, göz yaşınacan
Darıxar...
Unudub dünyanın dərd sərini də,
Unudub bun gündən keçmişinəcən,
Darıxar...
Bu gündən, dünənə darıxan qadın!!
Yəqin ki, dilində darıxır adım.
Yəqin anlamısan,
Hər gülüşündə...
Birazca uzaqda,
dünyanın, lap o başında,
Çırpınır, bir kişi darıxır indi.
Darıxır bir qadın darıxan qədər.
Darıxır, qızılı tellerdən ötrü.
Darıxır, bir rəqsin sehrinə düşüb.
Darıxır, o pambıq əllərdən ötrü.
Elə darıxır ki, gözləri şişib.
Darıxır... darıxır... darıxır...
Rəşad Nağı Mustafa

Rəşad Nağı Mustafanı Salam Sarvanın təqdimatında, daha sonra Teleqraf.com-da gedən şeirlərdən tanımışdım. Şeirlərinin qəribə enerjisi var. O şeirlər bəzəksiz sözlərlə belə gözəllik yaratmağın mümkün olduğunu görsədir. Oxuyanda düşünürsən ki, dünyanı gözəllik deyil, sözlər xilas edəcək. Bu şeirlərin bir də mehi var. Bu meh bəzən bizə doğmalarımızın bədən qoxularını xatrladar və şeiri oxuya-oxuya o qoxunu qucaqlamaq istəyərsən.

Rəşad “Endofrin” şeirlər kitabının müəllifidir.


- Rəşad Nağı Mustafadan Rəşad Nuri Güntəkinə gizli bir keçid var. Bu adlar arasında nəsə bağ var məncə?..

- Sadəcə, heca oxşarlığı, ritim oxşarlığı var. Əslində, adımın qoyulmasında Rəşad Nuri Güntəkindən təsirləniblər. Məlum, o zamanın ən məşhur filimi “Çalıquşu” idi. Təsirlənmə ordan olub. Mənası da doğru yol deməkdir. Ancaq məndə Nağı Mustafa sonradan yaranıb. Bunun da öz mənası var. Nağı anamın soyadıdır, Mustafa atamın. Mən də istəmədim ki, ailədə boşanma olsun, heç kimin xətrinə dəymədim, “Nağı Mustafa”nı seçdim. Suala qayıdıram ki, sadəcə ahəng eynidir. Ancaq açığını desəm, heç nə oxumamışam ondan, hətta sözügedən filmə də baxmamışam.

- Rəşad, sən də yazmağa uşaqlıqdan başlayıbsan?

- Məktəb illərində hamının sevən vaxtı olub, elə mənim də (gülür). O vaxt eyni hislərlə yazmışam. Amma əslində, onda daha səmimi yazmışam, o yazdıqlarım indikindən daha müqəddəsdir. Uşaqlıqdan gözümü açıb evdə kitab oxuyan, şeir oxuyan görmüşəm. Anam şeirə böyük sevgiylə yanaşıb hər zaman, hətta zamanla özü də şeirlər yazıb.

- Gənclik, uşaqlıq dövründə yazdıqları şeirlərdən imtina edir çox şair, sən isə onları daha müqəddəs sayırsan.

- İndi belə bir şey formalaşıb, sanki şair təfəkkürü belə olmalıdır. “Mən… mən”. Bunun bir bağı gəlib eqoya çıxır. “Mən imtina etdim”, “Mən mükəmmələm o zamana nisbətdə” kimi sözlər daha çox dəb halını alıb. Onların səmimiyyətinə inanmıram. Məktəb illərində yazdığım şeirlər qalmayıb, qalsaydı, onu redaktə edib indi də üzə çıxardardım.

- Fəlsəfədə inkarı-inkar qanunu var. Səncə, bunu ədəbiyyatda da tətbiq etmək olar?

- Məncə, ədəbiyyatda keçmişi inkar etməklə irəliyə getmək olmaz. Məsələn, keçmiş bir mətnimiz zəif ola bilər. Ancaq bu bizim ondan imtina etməyimizə gətirib çıxartmamalıdır. Bizdə belə bir qorxu var ki, nə zamansa kimisə tənqid edərsən, o da sənin keçmişdəki hansısa bir zəif yazını gətirib qarşına qoyar. Qəbul etməliyik ki, bu da bizim beynimizin məsuludur və biz ancaq o zəif mətnə baxıb özümüzün nə qədər istər mütaliədə, istər yazı baxımdan inkişaf etdiyimizi görə bilərik. Məsələn, mən öz kitabımda bunu qorumağa çalışmışam. Ən zəif hesab etdiyim şeirləri də, ən güclü şeirləri də ilk kitabımda yığmışam. Çünki mənim ilk kitabım mənim inkişaf dövrümdür.

- Şeiri necə yazırsan?

- Heç vaxt şeir yazmaq üçün söz axtarmamışam, söz məni axtarıb. Və o məni axtarıb məsciddə də tutub, hamamda da, küçədə də. Yəni sözün gəlməyini, o ab-havanı tutub məsciddə də yazmışam, küçədə də. Məsələn, məsciddə adamlar Quran oxuyub, ibadət edəndə mən bir küncə çəkilib şeir yazmışam.

- Güvən nədi?

- Xoşbəxtlik an məsələsidir və insanlara görə dəyişir. Məsələn, kasıb adam var-dövlətdə görə bilər xoşbəxtliyi, amma yetərincə maddi imkanı olan bir adam xoşbəxt ola bilməz. Mənim özüm bəzən o qədər problemin içində o qədər xoşbəxt ola bilmişəm ki, sonra qayıdıb özümə demişəm: “Bu qədər problemlə gülürsənsə, bu, xoşbəxtlik yox, sırtıqlıqdı”. Mənim üçün güvən də odur. Yəni an məsələsidir. Bəzən Allaha güvənərsən, bəzən güvənməzsən. Bəzən də Allah olan yerdə onu qoyub, insana güvənərsən. Bəzən sevdiyin bir qadını ilahiləşdirib ona güvənə bilərsən. Bu ana və zamana görə dəyişir.

- Məsələn, mən və bir çox dostlarım səni Salam Sarvanın təqdimatından sonra tanıdıq. Ancaq ona qədər artıq bir kitab müəllifi idin. Səncə, istedad mükəmməl olmalıdır, ya təqdimat?

- Söhbət bizim ədəbiyyatdan gedirsə, təqdimat böyük rol oynayır. Çünki bəzən elə bir adamı elə bir şəkildə təqdim edərlər ki, hamı onu sevərək, bəh-bəhlə oxuyar, amma baxarsan, adamın istedadı sıfırın altındadır, bəzən də elə istedadlı adam görərsən ki, onu heç kəs tanımaz. Məncə, bunun məsuliyyəti bilavastə bizim ədəbiyyat saytlarının üzərinə düşür. Baxıram ki, elə istedadsız yazar, şairləri təbliğ edirlər ki… Hansı ki, mənim ətrafımda onlardan qat-qat istedadlı və sözün əsil mənasında yaza bilən adamlar var. Bir də qadınlara daha çox üstünlük verirlər. Bizdə qadın bədbəxtçiliyi burdan qaynaqlanır. Onları “sən yaza bilirsən”, “əla yazırsan” sözləriylə aldadıb bədbəxt edirlər.

- Qadın yazarlarımız gerçəkdən də çoxalıb.

- Mən, ümumiyyətlə, qadınların şeir yazmalarını səmimi qəbul etmirəm. Bir az da uzağa getsək, Natəvan, Mirvari Dilbazi və s. İndiki düşüncəmlə, indiki ağlımla onların nə yazdıqlarını, nə də şairliyini qəbul edirəm. Qadınların ürəklərini boşaltması üçün kişilərə baxanda alternativləri daha çoxdu. Ona görə də kişilərin şair, yazar olmalarına daha real baxıram, nəinki qadınların. Mən qadın qələminin səmimiyyətinə inanmıram. İndi bir az da sərbəst şeirin dəbə minməsi bu çoxluğu daha da artırıb. Biz ona “enter” şeirləri deyirik. Yazır, enteri vurur, düşür və yazır. Hazırki ədəbiyyatı götürsək, bir, uzağı iki qadın yazardan başqa qalan hamısı küyə düşüb, deyərdim.

- Fikir vermişəm, bizdə bu, daha çox yayılıb. Şeir yazanlar bir-birinə “Şair” deyə müraciət edirlər. Məsələn, o gün bir dostumla söhbət edirdik, sən zəng elədin. Təxmini belə bir dialoq oldu:

- Salam, Şair.

- Əleykum salam, şair.

- Necəsən, Şair?

- Sağ ol, Şair, sən necəsən?

Şeirlərindən səmimiyyət yağan birinə bu söz nə qədər səmimi, ya doğma gəlir?

- Əslində, biz dostlar arasında bu sözü sarkazmla işlədirik. Ciddi şəkildə bir-birimizə müraciətimiz elə deyil.

- Bu söz niyə bu qədər adiləşib ki, siz onunla belə zarafatlaşırsınız?

- Çünki hamı yazır. Çox adiləşdirib, bayağılaşıdırıblar bu sözü. Hamı texnikanı öyrənib yazır. Amma baxırsan ki, bu qədər yazarla hələ də qalmışıq keçmişdə. O təşbehlərdən çıxa bilmirik. Nə qədər bənzətmə olar? Rahat danış da.

Mənbəsini tam xatrlamadığım bir məlumat oxumuşdum. Yazılırdı ki, qalaktikaya nisbətdə insan ömrü 11 dəqiqədən ibarətdir. Eko da yazır ki, toyuqların yolu keçməsinə bir əsr lazım oldu. Bizim o qədər vaxtımız yoxdur. Bəs bizim nəyə vaxtımız çoxdu?

- Allaha çatmağa. Hər şey allahın əlindədir. Əgər o 11 dəqiqəyə Allaha çata bilsək, hər şeyi edə bilərik. Hətta toyuqlara da yolu keçməyi öyrədə bilərik.

- Şekspir deyir, bəzi adamlar anadangəlmə möhtəşəmdir, bəziləri möhtəşəmliyi sonradan qazanır, bəzilərinin də möhtəşəmlik boynuna qoyulur.

- Əslində, bunu bizim ədəbiyyata bənzətmək olar. Bizdə boynuna möhtəşəmlik qoyulmuş adamlar var. Bir az araşdırırsan, görürsən ki, bunun yazdığı nə varsa, dünya ədəbiyyatından oğurluqdu. Bu, bir növ bizim günahımızdır. Çünki onlar bizim oxu bazamızı bilirlər. Bilirlər ki, bizdə mütailə zəifdir və ona görə də rahatlıqla oğurluq edə bilirlər. Sonra da biz o boynuna möhtəşəmlik qoyulmuş adamlara baxıb deyirik ki, bizim ədəbiyyatda belə möhtəşəm yazarlar, şairlər var, bəs bunlar niyə dünyaya çıxa bilmir? Daha bilmirik ki, necə çıxsınlar? Dünyadan oğurlayıb, dünyaya çıxmaq olar? Bu yaxınlarda dünya ədəbiyyatından mütailə edirəm, baxıram ki, a, bu filan şairimizin, sözüdür, aa, bu filan yazarımızın sözüdür. Sonra baxıram ki, əslində, elə oxuduğum yazarın fikirləridir, sadəcə, bizimkilər əkişdirib. Yəni ən güclü oxucu Azərbaycanda ən güclü yazıçı ola bilər.

- Gənclərlə yaşlı nəsil arasında acı bağırsaq kimi uzanıb gedən qarşılıqlı etinasızlığı nə ilə əlaqələndirisən?

- Paxıllıq. İstisnalar hər zaman var, təbii ki. 20-30 ilin şairləri ilə müqayisə edəndə indi daha çox istedadlı adamlar var. Hətta indi adlarını ehtiramla çəkdiyimiz şairlər var ki, zamanının dahiləri olub, amma bu gün yaşasaydılar, eyni şeirlər ilə eyni dahiliyi çətin qazanardılar. İndiki gənclər onlardan daha savadlı və daha istedadlıdırlar. Yaşlı nəsil isə bunu qəbul etmək istəmir. Ona görə də bir növ mühafizəkar mövqedir onlarınkı.

- Şeir yazırsan, fərqindəsən hansı bir quyuya düşürsən?

- Əslində, şair olmaq kimi bir iddiam yoxdu. Ancaq bu mühitin iyrəncliklərini gördükcə hansı cəhənnəmə düşdüyümün yavaş-yavaş fərqinə varıram. Bizim ədəbiyyatda monopoliya yaradıblar, çox iyrənc durumdu bu. Dörd-beş nəfər şeir zövqü olmayan durub kimin şair olub-olmadığını müəyyən edir. Sosial şəbəkələrdə “ədəbiyyatı” daha çox təbliğ edirlər və gülünc hal odur ki, adamlar dostluq saylarına görə, onların şeirinə gərən “layk”lara görə mübarizə aparırlar. İndi bizdə şeiri “Qız tutmaq“ səviyyəsinə endiriblər.

- Qız tutmaq demişkən, heç şeirlə qız tutmusan?

- Hə, mən tutmuşam, Xəzər aparıb (gülür).

- Belə də yazacam. Xəzər dənizi?

- Yox, yox yazma onu (gülür). Zarafatdı. Mən heç vaxt şeiri o səviyyəyə endirməmişəm, ancaq şeirlərimlə yeni dostlar qazanmışam, ətrafımı genişləndirmişəm. Maraqlı insanlarla tanış olmuşam. Məsələn, mənim kitab təqdimatıma 170-dən çox adam gəlmişdi. Onlardan ancaq 50-60 nəfərini tanıyırdım. Bu artıq mənim şeirlərimin mənə qazandırdığı insanlardı.

- Qabriel Qarsia Markes deyib ki, ədəbiyyat olmasa, heç nə dəyişməzdi. Səncə, kişi zarafat edib, ya ciddi deyib?

- Zarafat edib. Ədəbiyyat insanın daxili rahatlığı, özünü tapması üçün mükəmməl bir vastədir. Ola bilsin, dünyada heç nə dəişməzdi, amma müəyyən bir çatışmazlıq olardı. Hər halda ehtiyac olmayan bir şey yaranıb ətrafına bu qədər adam toplamazdı. Əgər bu gün ədəbiyyat varsa və ətrafında bu fikrin sahibi Markes də varsa, demək, gərəklidir.


Müəllif: Çinarə Ömray
BALOĞLAN CƏLİL - AYPARA BALTA

Yaman təriflədin özünü dünən , 
Ağlıqdan dəm vuran qaraçı kimi .
Dedin ki , hər bahar çiçəklənirsən , 
Tutduğu yolları qar açan kimi .

Dəyəsən ilhamdan mayan çox dəyib ,
Onunçün başında şeir qıjqırır.
Acımış xəmir tək tabağa yatmır,
Hətta gözlərin də şeir qışqırır .

Təzəcə yoğrulmuş kündə kimsən ,
Hələ bişməmisən söz təndirində .
Yanıb səhərəcən sən zülüm -zülüm ,
Külə dönməmisən öz təndirində .

Sürünüb gəzirsən səssiz -səmirsiz ,
Yərdə buludların kölgəsi kimi .
Sözün də sənin tək göbək bağlayıb ,
Soyumuş təndirin külfəsi kimi .

Tanrı yazısına gözünü yumub ,
Gözümə tutursan cızmaqaranı . 
Arada dostlarla “uçub “ , dəyirsen , 
Söz ki var , Allahdan əvvəl yaranıb .

Qudurmuş köpəyin quyruğu kimi , 
Boynunda qapqara xalta yəllənir .
Sən hardan biləsən , başının üstə ,
Bir gümüş aypara balta yəllənir .

Yazar İlhamə Nasirin ilk kitabı işıq üzü görüb.

Azerpeyk.az bildirir ki, yaradıcılığı ilə Cənubi Azərbaycanda da yeterincə tanınan  yazarın kitab təqdimatı 20 Oktyabr BMM-də baş tutub. Mərasimdə tanınmış yazarlar və media nümayəndələri iştirak edib.

Müəllifin əsəri həyatda baş vermiş hadisələrdən və Qubadlı rayonunda keşməkeşli həyat yaşamış yetim bir qızın taleyindən bəhs edib.

“Yazılmamış tale…“ adlı kitab iki il ərzində ərsəyə gəlib. Əsərin nəşr olunmasında məqsəd, insanlara çağırış  xarakteri daşıyır. Romanda gedən prosseslər olduqca güclü təsir qüvvəsinə malikdir.

Müəllif bildirir ki, sözügedən roman həm də insanlara həyat həqiqətlərini, insan talelərini daha dərindən dərk etdirməyə yardımçı olacaq.

Yazarın növbəti kitabı da yaxınlarda oxuculara təqdim ediləcək

Faiq Hüseynbəylinin şeirləri

Necə gətirmisən, eləcə apar,
Ey gözəgörünməz əl, apar məni.
Mən boyda torpağın bağrını qopar,
Mən boyda torpağı dəl, apar məni.

Taleyə, qismətə könül uymasın,
Özündən xoşbəxtlik-zad uydurmasın.
Apar uzaqlara, kimsə duymasın,
Külək, apar məni, yel, apar məni.

Mən aşiq olardım gündə yüz kərə,
Baxmazdım dinlərə, təriqətlərə.
Aç köhnə qapını həqiqətlərə,
Tufan apar məni, sel, apar məni.

Kimdi o bəzənib gülnən, çəmənnən? -
Gəlsin də yürüsün dumannan, çənnən.
Sən də, qaragözlüm, ayrılma mənnən,
Gəl mənim yanımda qal, apar məni.

Gördünmü od tutub alışan daşı,
Kəsdimi bıçaq tək iti yaddaşı?
Vermə yad əllərə, yad əllər naşı,
Könlümü saz kimi çal apar məni.

Çıxdı aydınlığa söz izlərimdə,
Mən tikan üstündə, köz izlərimdə...
Məni azdırdılar öz izlərimdə,
Mən gedə bilmədim, yol, apar məni.

Mən bütün sirləri bilib qalmışam,
Bir payız günündə solub qalmışam.
Ölmüşəm... bu yerdə ölüb qalmışam,
Gəl apar göylərə, gəl apar məni.

***
Qəfil yolun büdrəsə,
Yıxılsan, ağlama haa...
Toplananlar içində
Çıxılsan, ağlama haa...

Pəncərəndə bu səhər,
Ümid dolu bir şəhər...
Sıxsa səni qəm-qəhər,
Boğulsan, ağlama haa...

Gəldin içinnən ahın,
Ən müqəddəs günahın.
Göz yaşındı silahın,
Oğulsan, ağlama haa...

Üz-üzə daş-dəmirlə,
Haqdan gələn əmrlə.
Yenidən bu ömürlə
Doğulsan, ağlama haa...

***
Məni xilas eylə bu ziddiyyətdən,
Ruhuma hüzuru, səfanı qaytar.
Cəfası xoş imiş saf məhəbbətin,
Qaytar apardığın cəfanı, qaytar.

Səssiz gəl, səssiz get, duyan olmaya,
Nola, bu sevgiyə qıyan olmaya.
Təbibə, loğmana əyan olmayan
Dərdimə dərmanı-dəvanı qaytar.

Gələndə müqəddəs günahı gətir,
Dini, peyğəmbəri, Allahı gətir.
Ömrümə günəşi, sabahı gətir,
Oyaq gecələrə röyanı qaytar.

Bax, necə çətindir, çətin... zamanlar,
Sənsiz bu sərgərdan, yetim zamanlar.
Sükuta qərq olub bütün zamanlar,
O şirin çağları, o anı qaytar.

Yenə üşüyürəm, adam, soyuqdur,
İçimdən alışan odam, soyuqdur...
Tikan üstündəyəm, odam soyuqdur,
Ruhuma ruh qatan yuvanı qaytar.

Demək, dəyişərmiş yazılan yazı,
Həyatın mənası, ritmi, avazı.
Qaytar təbiətə baharı, yazı,
Qaytar o çiçəyi, fidanı qaytar.

Tanrı, əsirgəmə mərhəmətini,
Sənə əfv eyləmək düşür çətini...
Mənə o əvvəlki sədaqətini,
Mənə o əvvəlki vəfanı qaytar.

***
Mən ki, bu zehinlə, bu yaddaş ilə,
Niyə tanıyıram gec adamları?
Yeri boş qalmasın deyə, yaranan,
Bu axmaq, sərsəri, gic adamları.

Özünnən yuxarı qıldan incədi,
Özünnən aşağı... urəyincədi.
Əvvəli necəydi, sonu necədi,
Gör necə dəyişir güc adamları...

Şeytanı adamdan ayıra bilmir,
Ta torpaq adamlar qayıra bilmir...
Min ildi fələk də doyura bilmir,
Ruhu ac, gözləri ac adamları.

Sağın tamahkardı, solun tamahkar,
İlahi, şeytana nə ehtiyac var?
Özün müqəssirsən, özün günahkar,
Sən "heç"dən yaratdın "heç" adamları.

Oxu adamları, tanı yaxından,
Azını azınnan, çoxu çoxunnan.
Çıxardır adamı adamlığından,
Çıxardır adamı... suç adamları.

Bir səsdən, bir sözdən, bir ahdan tutub,
İşıqlı günəşdən, sabahdan tutub...
Yükünü savabdan-günahdan tutub,
Gedir axirətə köç adamları.

Deyirlər, çatacaq sonu dünyanın,
Yeni peyğəmbəri hanı dünyanın?
Sevgidi xilası fani dünyanın,
Faiq, sevgi ilə quc adamları.

***
Mən elə bir təkəm, elə tənhayam,
Anlamaz tərk edib gedənlər məni.
Kimsəsiz uşaq tək basır bağrına
"Niyələr", "nəyçünlər", "nədənlər" məni.

Sözə bax, bıçaq tək kəsdi ətimi,
Tapdadı hissimi, ləyaqətimi...
Unudar ətrimi, hərarətimi,
Unudar sevdiyim bədənlər məni.

Mən beş barmağımı bal eyləmişdim,
Sinəmin üstünnən yol eyləmişdim.
Bu şair canımı qul eyləmişdim,
Məhv etdi xeyrini güdənlər məni.

Bu nə qələbəlik, nə qeylü-qaldı?
Sən ki, yaşayırsan, sənə halaldı.
Özü də bilmədən söz-söz ucaldır,
Yaxşıya yamanlıq edənlər məni.

Ey mənim vahidim, təkim, yalqızım,
Haçan parlayacaq bir də ulduzum?
Bilirsən, sənin tək anlamaz, quzum,
İt kimi bir-birin didənlər məni


Xəbər lenti